alhadi.az

Əl-Hadi - Qurani-Kərim

Hədislər

Hədis #1
Züheyri belə rəvayət edir: “Bir gün İmam Səccad (ə) məndən soruşdu: “Ey Züheyri, haradan gəlirsən?”
Mən dedim: “Məsciddən”.
İmam (ə) soruşdu: “Nə edirdiniz?”
Mən dedim: “Oruc məsələsi barədə danışırdıq. Mənimlə dostlarımın rəyi bir araya gəldi ki, Ramazan ayının orucundan başqa vacib oruc yoxdur”. 
İmam (ə) buyurdu: “Ey Züheyri, bu, heç də sizin söylədiyiniz kimi deyil. Orucun qırx növü var. Onların on növü Ramazan ayı kimi vacib, on dörd növündə isə oruc tutan şəxs ixtiyar sahibidir; istəsə, oruc tutar, istəsə, iftarını açar. Onun on növü haramdır. İcazə orucu isə üç növdür. Həmçinin ədəbləndirmək, mübah, səfər və xəstə orucu da var”. Mən dedim: “Sənə fəda olum, onları mənim üçün şərh et”. İmam (ə) buyurdu: “Vacib oruca gəlincə, bunlar, Ramazan ayının orucu, habelə Ramazan ayında gündüz vaxtı bilərəkdən iftarını açan şəxsə (kəffarə olaraq) iki ay dalbadal oruc tutmaq, xəta səbəbindən qətl törədən şəxsə qul azad etməyə qadir olmadığı təqdirdə (kəffarə olaraq) iki ay dalbadal oruc tutmaq vacibdir. Allah-taala buyurur: “Kim səhvən bir mömini öldürsə, (qətlin kəffarəsi olaraq) bir mömin qulu azad etməli və öldürülənin qohumlarına qanbahası verməlidir”.1 Həmçinin “(Qul) tapmayan kəs dalbadal iki ay oruc tutmalıdır”.2 Həmçinin zihar etməyin kəffarəsi olaraq qul azad etməyə imkan olmadığı təqdirdə iki ay dalbadal oruc tutmalıdır. Allah-taala buyurur: “(Qul) tapmayan kəs öz zövcəsi ilə təmasda olmazdan əvvəl dalbadal iki ay oruc tutmalıdır”.3 Həmçinin and içməyin kəffarəsi olaraq yemək vermək imkanı olmadığı təqdirdə üç gün oruc tutmaq vacibdir. Belə ki, Allah-taala buyurur: “Beləliklə, əgər kimsə (bunları) tapmasa, (onun kəffarəsi) üç gün oruc tutmaqdır. Budur and içdiyiniz və onu pozduğunuz zaman andlarınızın kəffarəsi!”4 Bütün bunlar dalbadaldır və ayrı-ayrı günlərdə deyil. Həmçinin (həcc əməlini icra edərkən) başı qırxmaqda narahatlıq olduğu təqdirdə oruc tutmaq vacibdir. Belə ki, Allah-taala buyurur: “Əgər sizdən kimsə xəstə olsa və ya başında bir narahatlığı olsa (və başını qırxmaq məcburiyyətində qalsa, başını qırxsın və) oruc ya sədəqə, ya da qurbanlıq qismindən kəffarə versin”.5 Kəffarə sahibi burada ixtiyar sahibidir və istəsə, üç gün oruc tuta bilər. Həmçinin “təməttö” həccində qurbanlıq tapmayan kəsin oruc tutması vacibdir. Belə ki, Allah-taala buyurur: “Əgər xatircəm olsanız, onda “təməttö” ümrəsini qabağa salıb “təməttö” həccinə tərəf gedən kəsin boynunadır ki, müyəssər olan qurbanlıq kəssin. Qurbanlıq tapmayan şəxs həmin həcc səfəri zamanı üç gün və qayıtdığınız zaman yeddi gün oruc tutmalıdır. Bu, tam on gündür”.6 Ov etməyin cəzası olaraq oruc tutmaq vacibdir. Belə ki, Allah-taala buyurur: “Sizdən kim bilərəkdən onu öldürsə, boynuna dördayaqlılar cinsindən, öldürdüyünün bənzəri olan bir kəffarə düşür. Sizdən iki nəfər adil (adam) bu bənzərliyə şəhadət versin və o, qurbanlıq kimi Kəbəyə çatsın. Yaxud kəffarə fəqirlərə yemək vermək və onun qədər oruc tutmaqdır”.7 Ey Züheyri, heç bilirsənmi ki, bunun oruca dəyişməsi necə olur?” Mən dedim: “Xeyr!” İmam (ə) buyurdu: “Ovun qiyməti müəyyən edilir, sonra həmin qiymət buğda ilə ölçülür. Sonra həmin buğda saa (çəki vahididir – red.) çəkilərinə bölünür və həmin şəxs hər yarım saa müqabilində bir gün oruc tutur. Həmçinin nəzir orucu vacibdir. Etikaf orucu vacibdir. Haram orucuna gəlincə isə, bunlar: Fitr və Ramazan bayramlarında, habelə Təşriq günlərində (Zil-hiccə ayının on biri, on ikisi və on üçüncü günlərində) oruc tutmaq. Həmçinin əmr edildiyimiz və çəkindirildiyimiz həmin şəkk günü oruc tutmaqdır. Bununla da, bir nəfərin insanların şəkk etdiyi bir gündə oruc tutmaqla onlardan ayrı düşməsidir”. Mən soruşdum: “Əgər tutduğu oruc Şaban ayından olmazsa, necə edəcək?” İmam (ə) buyurdu: “O, şəkk gecəsi Şaban ayının orucu niyyəti etməlidir. Əgər (səhəri gün) Ramazandan (yəni Ramazanın birinci günü) olarsa, bu, ona kifayət edər. Əgər Şabandan olarsa, bunun ona heç bir zərəri yoxdur”. Mən soruşdum: “Axı müstəhəb oruc vacib orucu necə əvəz edə bilər?” İmam (ə) buyurdu: “(Hesab et ki,) bir nəfər Ramazan ayında müstəhəb niyyəti ilə oruc tutdu; həmin ayın Ramazan olduğunu bilmirdi, sonra bildi. Onun orucu kifayət edir, çünki vacib hökm elə həmin aya məxsusdur. Həmçinin iftar açmadan bir neçə gün dalbadal oruc tutmaq haramdır. Susqunluq orucu tutmaq da haramdır. Günah bir şeyə görə nəzir edib oruc tutmaq da haramdır. Ömürlük oruc tutmaq da haramdır. Sahibinin seçim qarşısında olduğu oruca gəlincə isə, bunlar: həftənin bazar ertəsi, cümə axşamı və cümə günlərində, hər ayın on üçüncü, on dördüncü və on beşinci günləri, Ramazan ayından sonra Şəvval ayından altı gün, Ərəfə günü və Aşura günü oruc tutmaqdır. Bütün bunlarda oruc tutan şəxs ixtiyar sahibibir; istəsə, oruc tutar, istəsə, tutmaz. İzn orucuna gəlincə, bunlar: zövcə ərin izni olmadan müstəhəb oruc tutmamalıdır. Kölə ağasının izni olmadan müstəhəb oruc tutmamalıdır. Qonaq ev sahibinin izni olmadan müstəhəb oruc tutmamalıdır. Çünki Allah rəsulu (s) belə buyurmuşdur: “Kim bir qövmün evində qalarsa, yalnız onların izni ilə (müstəhəb) oruc tutmalıdır”. Ədəbləndirmək orucuna gəlincə isə, bunlar: həddi-buluğa çatmamış uşağa vacib baxımından deyil, ədəbləndirmək baxımından oruc tutmaq əmr edilməlidir. Həmçinin kim müəyyən xəstəlik səbəbindən günün əvvəlində iftarını açar və günün qalan hissəsində sağalarsa, ona günün qalan hissəsində vacib baxımından deyil, ədəbləndirmək baxımından oruc tutması əmr edilməlidir. Həmçinin əgər bir müsafir günün əvvəlində iftarını açar, sonra öz şəhərinə daxil olarsa, ona günün qalan hissəsində vacib baxımından deyil, ədəbləndirmək baxımından oruc tutması əmr edilməlidir. Mübah oruca gəlincə isə, bu, bir insanın unutqanlıqdan və ya təqiyyə səbəbindən yeyib və ya içməsi, yaxud bilərək etmədən qusması zamanı tutulan orucdur. Belə ki, Allah-taala bunu ona mübah qərar vermiş və orucunu yetərli hesab etmişdir. Lakin xəstə və müsafirin orucuna gəlincə isə, ümumi kəslər (müxaliflər) bu haqda ixtilaf etmişdir. Belə ki, bəziləri oruc tutmasını, bəziləri istəsə, oruc tutacağını, istəsə, iftar edəcəyini, bəziləri isə oruc tutmayacağını söyləmişlər. Biz isə: “hər iki halda (səfərdə və xəstə halda) iftarını açmalıdır” – deyirik. Belə ki, əgər o, səfərdə və ya xəstə halında oruc tutarsa, günahkardır və tutduğu həmin günlərin qəzasını edəcək. Çünki Allah-taala belə buyurur: “Sizdən kim xəstə, yaxud səfərdə olsa, bir neçə gün digər günlərdə (oruc tutsun)”.8
 
8 Bəqərə, 184 
Əli ibn İbrahim Qummi - Təfsiri Qummi kitabı, səh 316-320 (Azərb çapı)